Jacques Lacan (Jak Lacan) Aşağıda yerləşən mətn, Emilio Granzotto'nun Jak Lacan ilə Panorama jurnalı üçün 1974-cü ildə apardığı rep...
![]() |
Jacques Lacan (Jak Lacan) |
Aşağıda yerləşən mətn, Emilio Granzotto'nun Jak Lacan ilə Panorama jurnalı üçün 1974-cü ildə apardığı reportajın bir hissəsinin tərcüməsidir. Müsahibə, 2004-cü ilin Fevralında “Magazine Littéraire” jurnalının 428-ci nömrəsində dərc edilmişdir.
Emilio Granzotto. Psixanalizin böhranından getdikcə daha tez-tez danışılmağa başlanmışdır. Sigmund Freud’dan da o tərəfə keçildiyi və günümüz cəmiyyətində də Freud’un əsərinin nə insanı anlamaq nə də insanın dünyayla əlaqəsini dərindən şərh etmək üçün kifayət etməyəcəyi deyilir.
Jak Lacan. Bunlar hekayədir.
İlk olaraq, böhran. Bir böhran yoxdur, ola da bilməz. Psixanaliz öz sərhədlərinə tamamilə çatmış deyil hələ. Tətbiq və məlumat mənasında hələ kəşf ediləcək çox şey var. Psixanalizdə dərhal tapılan həll yolları deyil, səbəbləri tapmaq üçün edilən uzun və səbr tələb edən araşdırmalar mövcuddur.
İkinci olaraq da Freud.
Onu tamamilə anlamamışkən, ondan o tərəfə keçildiyi hökmünə necə gələ bilərik? Qəti olan budur ki, o bizi tamamilə yeni şeylərlə tanış etdi, Freud'dan əvvəl xəyal belə edə bilməyəcəyimiz şeylərlə. Təhtəlşüurun problemlərindən, seksuallığın əhəmiyyətinə qədər; Simvolik girişdən, dilin qanunlarına və hətta təbiətə qədər.
Onun təlimi həqiqəti sorğuladı; bu, hər kəsi və fərdi mənada da hər birimizi maraqlandıran bir məsələdir. Bu bir böhrandan çox daha fərqli bir şeydir. Təkrar edirəm: Freud'dan uzağıq. Onun adı bir çox şeyi örtməyə də yaradı, onun yolundan azmalar oldu, varisləri hörüntünü hər zaman sədaqətlə təqib etmədi, qarışıqlıqlar ortaya çıxdı. 1939'da ölümündən sonra, şagirdlərindən bəziləri da psixanalizi fərqli bir şəkildə tətbiq etdiklərini irəli sürdülər, onun öyrətdiklərini bir neçə sıravi düstura endirdilər: prosedura, qayda kimi idi; təcrübə, davranış düzəltilməsiylə sinifləndirilmişdi və üsul da fərdin öz ictimai ətrafına uyğunlaşmasının yenidən təmin edilməsiydi. Komfortlu psixanaliz, salon psixanalizi, Freudun mənfiləşdirilməsidir.
Lakin bunu nəzərdə tutmuşdu o. "Dözülməz üç vəziyyət var" demişdi, "qeyri-mümkün üç vəzifə: idarə etmək, maarifləndirmək və psixanalizi tətbiq etmək". Bu günlərdə, rəhbərlik məsuliyyətinin kimdə olduğunun əhəmiyyəti yoxdur və hər kəs də pedaqoq olduğunu iddia etməkdədir. Psixanalistlərə gələcək olsaq, allah bərəkət versin ki, münəccimlər və şəfa verənlər kimi varlanmaqdadırlar. İnsanlara kömək etməyi təklif etmək, müvəffəqiyyətli olunacağına dair zəmanət vermək deməkdir və müştərilər də qapıya yığılır. Halbuki, psixanaliz başqa bir şeydir.
Emilio Granzotto. Tam olaraq nədir bəs?
Jak Lacan. Mən onu simptom olaraq tərif edirəm - içərisində yaşadığımız mədəniyyətin narahatlığını üzə çıxaran bir simptom. Əlbəttə bir fəlsəfə kimi deyil. Fəlsəfəyə nifrət edirəm; fəlsəfə yeni bir şey deməyəli çox uzun vaxt oldu. Psixanaliz bir inanc da deyil və onu bir elm olaraq adlandırmaq da xoşuma gəlmir. Bir praktika olduğunu və qaydasında getməyən mövzularla məşğul olduğunu söyləyək. Son dərəcə çətindir çünki qeyri-mümkün və xəyali olanı gündəlik həyata daxil etdiyi iddiasındadır. İndiyə qədər bəzi nəticələr əldə etdi ancaq hələ qaydaları yoxdur və hər növ qeyri dəqiqliyə də əlverişlidir.
Gərək tibb baxımından gərəksə psixologiya və tamamlayıcıları baxımından, tamamilə yeni bir şeydən söhbət getdiyini unutmamaq lazımdır. Bundan əlavə çox da gəncdir. Freud’un ölümündən hələ otuz beş il keçib. İlk kitabı ‘’Yuxuların Yozumu’’, 1900-də çap edilmişdi və çox müvəffəqiyyətli olmamışdı. Bir neçə il içərisində üç yüz ədəd satmışdı deyəsən. Az sayda şagirdi var idi və onlara dəli gözüylə baxılırdı, hətta, öyrəndiklərini necə tətbiq və şərh edəcəkləri üzərində də razı deyildilər.
Emilio Granzotto. İndiki dövrdə insanın problemi nədir ?
Jak Lacan. Bu böyük yorğunluq və inkişaf yarışının bir nəticəsi olaraq: həyat. Psixanaliz yolu ilə, insanlar bu yorğunluğu sürükləyərək hara qədər gedə biləcəklərini kəşf etməyi ümid edirlər.
Emilio Granzotto. İnsanları özlərini araşdırmağa sövq edən nədir ?
Jak Lacan. Qorxu. İnsan, məna verə bilmədiyi şeylər başına gəldikdə, bunlar öz istəyi ilə reallaşmış olsa belə, qorxar. Başa düşməməkdən qaynaqlı əziyyət çəkir və yavaş-yavaş vahimə vəziyyətinə düşür. Bu nevrozdur. Histerik nevrozda, bədən xəstə olma qorxusu ilə xəstə olur, lakin, əslində xəstə deyil. Obsessiv nevrozda isə, qorxu zehnə qəribə şeylər, idarə edilə bilməyən düşüncələr, formaların və obyektlərin fərqli və qorxuducu mənalar qazandığı fobiyalar soxur.
Emilio Granzotto. Nümunə verəsi olsaq ?
Jak Lacan. Nevrotik insan, qorxunc bir ehtiyac tərəfindən, bir kranın həqiqətən bağlı olub olmadığını ya da bir obyektin yerində dayanıb dayanmadığını onlarla dəfə nəzarət etməyə məcbur buraxılmış hiss edər. Lakin, bu əsnada, kranın olması gərəkdiyi kimi olduğundan və obyektin də tapılmağı lazım olan yerdə olduğundan çox əmindir. Bunu yaxşılaşdıracaq bir dərman yoxdur. Nə səbəblə reallaşdığını tapmaq və bunun nə məna ifadə etdiyini öyrənmək lazımdır.
Emilio Granzotto. Yaxşı bəs müalicəsi nədir?
Jak Lacan. Nevrotik insan, sözlə yaxşılaşan bir xəstədir; hər şeydən əvvəl də öz sözləriylə. Danışmağı lazımdır, izah etməyi, özünü ifadə etməyi. Freud, psixanalizi, başqa bir insana yönəldilən sözlərdən ibarət olduğu ölçüdə, subyektin keçmişinin subyektin özü tərəfindən fərziyyəsi olaraq tərif edir. Psixanaliz sözün suverenliyidir və başqa bir dərman da yoxdur. Freud, təhtəlşüurun, şüur dərinləşməsinə açıq olmadığı üçün çox da dərin olmadığını izah etmişdi. Bundan əlavə, bu təhtəlşüurundan danışanın, subyekti aşan, subyekt içərisində bir subyekt olduğunu söyləmişdi. Söz, psixanalizin böyük gücüdür.
Emilio Granzotto. Kimin sözü? Xəstəninki mi yoxsa psixanalistinki mi?
Jak Lacan. Psixanalizdə "xəstə", "həkim", "dərman" terminləri, ümumi olaraq mənimsədiyimiz passiv ifadələr qədər səhvdir. "Psixanaliz olunmaq" deyirik. Bu səhvdir. Analiz əsnasında əsl işi görən, danışan adamdır, Analizan subyektdir; bunu, necə irəliləməyi lazım olduğunu ifadə edən və müdaxilələriylə ona yardım edən analistin təlqin etdiyi şəkildə etsə belə. Onun da bir şərhi var.
Analist, ilk baxışda, analizanın söylədiyinə bir məna yükləyirmiş kimi görünür. Gerçəkdə isə, subyektin əziyyət çəkdiyi şeylərin mənasını silmə meylində olan şərh, daha incədir. Burada məqsəd, simptomu - ya da xəstəliyin deyək, heç bir şeylə heç bir əlaqəsi olmadığını, hər hansı bir mənadan məhrum olduğunu, subyektə öz hekayəsi üzərindən göstərməkdir. Xəstəlik görünüşcə gerçək olsa da, əslində mövcud deyil.
Bu danışma işinin irəlilədiyi yollar çox sayda proqram və sonsuz bir səbr tələb edir. Psixanalistin vasitələri, səbr və qiymətləndirmədir. Üsul da analizan subyektə verilən faydanı ölçməyi bilməkdən ibarətdir. Nəticə etibarilə, psixanaliz çətindir.
Emilio Granzotto. Jak Lacan'dan bəhs edilərkən, bu ad qaçınılmaz şəkildə bir təbirlə birlikdə xatırlanır: "Freud'a qayıdış". Bu nə ifadə edir?
Jak Lacan. Tam olaraq elə. Psixanaliz, Freud deməkdir. Psixanaliz etmək istəyiriksə, Freud`a qayıtmağımız lazımdır, onun gerçək mənada oxunmuş və şərh olunmuş terminlərinə və təriflərinə qayıtmağımız lazımdır. Parisdə tam da bu məqsədlə bir Freudian Məktəb yaratdım. Mənim bu mövzudakı fikrimi bildirməyimdən bu yana iyirmi ildən çox keçir : Freud'a qayıdış, Freud`un işindən yola çıxılaraq təyin edilmiş və sıralanmış qanunlar istiqamətində, təliminin oxumasını yenidən ələ alaraq, ekzistensialist fenomenologiya – misal üçün, psixanaliz dairələrinin təşkilati növləri kimi - azmalar və qeyri dəqiq sahəni təmizləməyi ifadə edir. Freud'u yenidən oxumaq, sadəcə, Freud'u yenidən oxumaq deməkdir. Bunu etməyən, psixanalizi səhv bir üsulla tətbiq edir.
Emilio Granzotto. Lakin Freud çətindir və Lacan'ın da onu tamamilə anlaşılmaz hala gətirdiyi deyilir. Lacan, yalnız təqibçilərindən çox azının anlamağı ümid edə biləcəyi şəkildə danışmaqla və - xüsusilə də - yazmaqla tənqid olunmaqdadır.
Jak Lacan. Bunu bilirəm; düşüncəsini duman pərdələrinin içərisində saxlayan qaranlıq bir insan olaraq görürlər məni. Niyə belə deyə özümə soruşuram. Analiz barəsində, Freud'la birlikdə təkrar edirəm ki, bu "həqiqətin gerçəyin içinə girdiyi, subyektlər arası bir oyun"dur. Bu anlaşıla bilən deyil mi? Nə var ki, psixanaliz uşaq-muşaq işi də deyil.
Kitablarım anlaşılmaz olaraq tərif edilir. Amma kimin üçün anlaşılmazdır? Onları hər kəs üçün və hər kəs tərəfindən anlaşılması üçün yazmadım. Əksinə, hər hansı bir oxucunu məmnun etməklə bağlı ən kiçik bir marağım olmayıb heç vaxt. Söyləyəcəyim şeylər var idi və onları söylədim. Oxuyan bir kütləyə sahib olmaq mənim üçün kifayətdir. Əgər başa düşmürlərsə, səbirli olsunlar. Oxucu sayına gəldikdə, Freud'a görə daha çox şansım oldu. Kitablarım gərəyindən çox belə oxundu, buna çaşmış vəziyyətdəyəm.
Belə də bir qənaətim var ki, ən çox on il içərisində, məni oxuyan bir insan, gözəl bir pivə stəkanı kimi tamamilə şəffaf olduğumu düşünəcək. O zaman bəlkə də bunu deyəcəklər: "Həqiqətən, bu Lacan da nə qədər sıravi biri olub!"
Tərcümə : Əli Rəhimli
Düzəliş : psixoloq Cəmilə Qocalı